Konfrans Liqasında digər təmsilçimiz “Neftçi” pley-off mərhələsində ilk oyuna çıxıb.

Rəqib İsrailin “Makkabi” Hayfa komanda olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə 6 qol vurulub. İLk hissədə hesab açılıb. Qonaqlardan Omar Atzilinin zərbəsindən sonra Voyislav Stankoviçə dəyən top istiqamətini dəyişərək qapıdan keçib. Fasiləyə üstün yollanan Hayfa futbolçuları ikinci yarıda təşəbbüsü əldən veriblər. 50-ci dəqiqədə tarazlıq bərpa edilib. Yusuf Lavalın möhtəşəm zərbəsi qarşısıalınmaz olub – 1:1. Qoldan ruhlanan “Neftçi” yenidən irəli atılıb. 66-cı dəqiqədə meydan sahibləri önə keçiblər. Yusuf Laval dubl edib. Cəmi 6 dəqiqə sonra fərq artıb. Bu dəfə Yusuf Lavalın ötürməsindən sonra kapitan Emin Mahmudov diqqət mərkəzinə düşüb -  3:1. 77-ci dəqiqədə İsmayıl Zülfüqarlının qırmızı vərəqə ilə cəzalandırılması ssenarini dəyişib. Azlıqda qalan “Neftçi” qapısında daha 2 top görüb. 78-ci dəqiqədə fərqlənən Tyaron Şeri əsas vaxta əlavə edilən 6-cı dəqiqədə dubl edərək hesab bərabərləşdirib. “Neftçi” – “Makkabi” – 3:3. 

Qeyd edək ki, cavab matçı avqustun 26-da İsraildə olacaq.